Azərbaycan prezidentinin regionun gələcəyi ilə bağlı baxışı dünyanın nüfuzlu beyin mərkəzləri üçün maraq kəsb edir - Millət vəkili 

15:07 14.04.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfrans bir daha göstərdi ki, dünyanın aparıcı beyin mərkəzləri Azərbaycana diqqət yetirir. Xüsusilə 44 günlük Vətən Müharibəsi, əldə etdiyimiz böyük qələbədən sonra Azərbaycana maraq daha da artıb. Bu fikirləri Hafta.az-a millət vəkili Könül Nurullayeva deyib:

"Bundan əvvəlki platformalarda olduğu kimi, “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfrans da göstərdi ki, istər müharibə, istərsə də post-konflikt dövründə Prezident İlham Əliyevin informasiya sahəsində fəaliyyəti Ermənistan və erməni lobbisinin, antiAzərbaycan qüvvələrin zərərsizləşdirilməsində mühüm rol oynayır. Bu toplantının əhəmiyyətinə gəlincə, bunu qiymətləndirmək üçün iştirakçıların sayına və statuslarına nəzər yetirmək kifayətdir. Belə ki, iştirakçıların hər biri aparıcı analitik, siyasətçi, öz ölkələrində və dünyada politoloji fikrə, ictimai rəyə təsir edən nüfuzlu şəxslərdir. Dünyanın aparıcı beyin mərkəzlərinin ekspertlərinin ünvanladığı suallar və dövlət başçımızın səsləndirdiyi cavablar fundamental olmaqla yanaşı, arqument və faktlara əsaslanırdı. Suallar və şərhlər də göstərirdi ki, Azərbaycan prezidentinin regionun gələcəyi ilə bağlı baxışı dünyanın əsas beyin mərkəzləri üçün böyük maraq kəsb edir. Konfransda səslənən fikirlər də təsdiqlədi ki, postmünaqişə dövründə regionda inkişaf və əməkdaşlığa hesablanmış yeni baxışın formalaşmasına ehtiyac var və bu məsələdə əslində bütün region ölkələri maraqlı olmalıdır. Lakin hazırda yalnız Azərbaycan təşəbbüskar qismində çıxış edir. Azərbaycan Qarabağı boz zona statusundan xilas etməklə, bu bölgəni dünyanın ən gözəl məkanına çevirməklə regionda yeni əməkdaşlıq platforması yaradır. Nəticədə isə Cənubi Qafqaz regionunun inkişafında yeni mərhələ başlamış olacaq. Amma Prezident İlham Əliyevin də söylədiyi kimi, münaqişədən sonrakı inkişaf mövzusuna toxunmazdan əvvəl biz torpaqlarımızın 30 ilə yaxın işğal altında qalması faktını xatırlatmalıyıq. Bu işğalın Azərbaycana və azərbaycanlılara vurduğu zərəri mütləq şəkildə dünyaya çatdırmalıyıq. Xocalı soyqırımını unutmamalı və unutdurmamalıyıq. Bu faktların xüsusilə beynəlxalq səviyyədə gündəmdə saxlanması həm müqayisə üçün, həm də bu cür insanlıq əleyhinə cinayətlərin, mədəni, ekoloji terrorun təkrarlanmaması üçün lazımdır. Eyni zamanda Ermənistan özü 30 il ərzində öz qonşusuna qarşı etdikləri cinayətləri mütləq xatırlamalıdır. Xatırlamalıdır ki, Azərbaycanın siyasi iradəsi ilə regionda formalaşan yeni münasibətlər sistemi sağlam və konstruktiv prinsiplər üzərində inkişaf etsin. Bu yeni mərhələdə bizim əsas üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycan öz müstəqilliyinin, ərazi bütövlüyünün bərpasının əsas məsələsini, əsas məqsədini həll edib. Biz artıq növbəti 30 il üçün məqsədləri nəzərdən keçiririk.

Dünyanın beyin mərkəzlərinin ekspertləri də bu qənaətdədir ki, 44 günlük müharibə və onun nəticələri regional əməkdaşlıq üçün perspektivlərə yol açıb. Obyektiv siyasətçilər, analititklər də qəbul edir ki, 10 noyabr razılaşması Cənubi Qafqazda dinamikanı dəyişdirmək üçün potensiala malikdir. Yəni, dünya ictimaiyyəti də qəbul edir ki, Azərbaycan döyüş meydanında doğru olanı edib. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, əgər biz döyüş meydanında doğru olanı etməsəydik, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri otuz il də kağız üzərində qalardı.

Bu gün Azərbaycan regionda dayanıqlı sülhün möhkəmlənməsi istiqamətində çalışır. Lakin təbii ki, qarşı tərəf də adekvat davranmalıdır. Əks halda, Azərbaycan haqlı olaraq xəbərdarlıq edir: “Əgər Ermənistan Azərbaycana qarşı hansısa bir düşmənçilik xarakterli əməliyyat planlaşdırarsa və bunu görəriksə, - biz indi Ermənistanda və hər yerdə bizə lazım olanları görürük, - əgər Azərbaycan xalqına və ya ərazi bütövlüyümüzə qarşı bir faiz risk təhlükəsinin olduğunu görəriksə, biz özümüzü müdafiə etmək üçün bütün vasitələrdən istifadə edəcəyik. Lakin bizi buna təhrik etmədikləri halda, biz heç vaxt gələcəkdə hər hansı bir düşmənçilik xarakterli əməliyyatlara başlamayacağıq”, -deyə Prezident İlham Əliyev nüfuzlu analitik və siyasətçilərlə göüşdə bir daha bildirdi.

Dövlət başçısı eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin postmünaqişə dövründəki fəaliyyətinə də aydınlıq gətirdi. Rəsmi Bakı vasitəçiləri yalnız münaqişə həll edən institut kimi görmür. Yeni mərhələdə vasitəçilər daha səmərəli fəaliyyət göstərə bilərlər: “Onların özlərinin nəsə düşünmələrini, kreativ olmalarını, dəstək verməli olduqlarını hesab edirəm. Bu kövrək sülhə zərbə vura biləcək bir şey etməməlidirlər. Ermənistana qeyri-real vədlər verməməlidirlər, neytral, qərəzsiz və bu vəziyyəti bağlamağa çalışmalıdırlar. Biz beynəlxalq birliyin bir hissəsiyik, biz ATƏT-in üzvüyük və ATƏT-in regionda çox xüsusi rolu var. Buna görə mən onların faydalı ola biləcəyini düşünürəm. Lakin onlar bizə çoxdandır səfər etmir. Ümid edirəm ki, onlar tezliklə müəyyən təkliflərlə gələcəklər və biz də, əlbəttə ki, bu təklifləri lazımi diqqət verərək nəzərdən keçirəcəyik.”

Bir sözlə, Prezident İlham Əliyev postmüharibə dövründə də səmərəli, regionun inkişafına və bütün tərərflərin qazanmasına hesablanan əməkdaşlıq təklif edir. Bu, yeni mərhələdə də Azərbaycanın konstruktiv mövqeyinin dəyişmədiyini göstərir.

Bizim mövqeyimiz hər zaman açıq olub. Hərbi əməliyyatlar zamanı dünyanın 30-a yaxın aparıcı media orqanına müsahibə verən Prezident İlham Əliyevin çıxış və bəyanatları, eləcə də postmünaqişə dövründə xarici jurnalistlərlə keçirlən 4 saatlıq mətbuat konfransı da göstərdi ki, dövlətimizin başçısı daxili və xarici siyasət məsələlərilə yanaşı, dövlətin informasiya siyasətinə də yeni strateji baxış nümayiş etdirir. Bu yeni informasiya strategiyası şəffaflıq, obyektivliklə yanaşı, milli maraqlarımızın müdafiəsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və cəmiyyətin hərtərəfli məlumatlandırılması kimi vacib prinsiplər əsasında qurulub. Bu prinsiplər isə istər beynəlxalq münasibətlər sistemində, istərsə də informasiya cəbhəsində Azərbaycanın mövqelərini daha da möhkəmləndirir".